Yanvarın 18-də Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd tarix-diyarşünaslıq muzeyi və Nizami Gəncəvi Muzeyinin birgə təşkilatçılığı ilə "20 Yanvar - Tariximizin qəhrəmanlıq səhifəsidir" adlı tədbir keçirilib. Tədbirdə mədəni-maarif işçiləri, ictimai fəallar, Vətən müharibəsi iştirakçıları və məktəb şagirdləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxışlar zamanı 20 yanvar şəhidlərinin cəsarətli şücaətindən geniş söhbət açılıb. Bildirilib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gün ən müasir silahlarla silahlanmış sovet ordusu Bakı şəhərinə daxil olaraq xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törədib. Lakin xalq öz azadlıq mübarizəsindən geri dönməyib. Tədbirdə 20 Yanvar faciəsini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış olub, həmçinin 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.